Batimetriya (hidroqrafik ölçmələr), side-scan sonar, hidroqrafik xəritə tərtibi, su sərfi və səviyyə ölçməsi, modelləşdirmə istiqaməti üzrə CASPIAN GEOMATICS peşəkar xidmətlər təklif edir.

Batimetriya (sonar)

Təcrübəmiz

Təcrübəmiz sayəsində həm süni, həm də təbii su obyektləri üzrə dərinlik ölçmə işlərini yerinə yetiririk. Yanaşma tərzimiz həm dərinlik, həm də, digər meyarlara görə xüsusi tətbiq olunacaq metodologiyalardan birbaşa asılıdır. Dayaz və dərinliklərdə işlədiyimiz zaman olduqca ciddi SƏTƏM siyasətinə əməl edirik. Dərin sahənin batimetriya tədqiqatlarında “SƏTƏM” siyasətimiz mövcuddur. Heyətimiz beynəlxalq SƏTƏM sertifikatlarına malik olmaqla yanaşı, həm də “Beynəlxalq Dəniz Təşkilatının” (International Maritime Organization) model kursları əsasında təlim keçmiş mütəxəssislərdən ibarətdir. Heyət ilk tibbi yardım (elementary first aid), fərdi xilasolma texnikaları (personal survival techniques), yanğına qarşı mübarizə və yanğın söndürmə (so fire prevention & fire fighting), Şəxsi Təhlükəsizlik və Sosial Məsuliyyət (personal safety & social responsibility) sahələrində daim sertifikatlaşan peşəkarlardan ibarətdir. Batimetrik tədqiqatları və Side Scan Sonar ölçmələrini bir çox sahələrdə tətbiq etmişik və bu baxımdan zəngin təcrübəyə malikik.

Sonar və batimetriya tədqiqatları

Ümumiyyətlə Sonar ölçmələri əsasən neft, qaz, su, elektrik xəttlərinin çəkiləcəyi zonalarda relyefin quruluşunun öyrənilməsində, onların çəkilişinə mane olacaq sualtı obyektlərin, mövcud boru kəmərin texniki vəziyyətinin və kəsişmə yerlərinin təyinində, hidrotexniki qurğunun yerləşdirilməsi zamanı relyefin quruluşunun öyrənilməsində, bərk süxur çıxıntıları barədə məlumat almaq və dəniz dibi relyefinin akustik təsvirini əldə etmək məqsədi ilə istifadə olunur. Eyni zamanda çimərlik sahələrində təhlükəsizliklə bağlı sualtı təhlillərdə sonar ölçmələri geniş tətbiq edilir.

Metodiki olaraq sonar və batimetriya tədqiqatları (təkşüalı və çoxşüalı exolotla tədqiqatlar) zamanı naviqasiyaGeodeziya parametrləri, gəmi konfiqurasiya parametrləri dəqiqləşdirilir. Belə işlər daim aparılır və bu əsasən layihə ərazisinin və ya layihə obyektinin dənizin müxtəlif sahələrində yerləşməsindən asılı olaraq gəmi növünün istifadəsi ilə bağlıdır. Layihə obyektimiz dayaz və ya dərin sahələr ola bilər. Bu baxımdan, seçilmiş vasitədən asılı olaraq naviqasiya və digər məsələlərə daim baxılır.

Metodoloji yanaşma olaraq ilkin vəziyyətdə layihə ərazisi üzrə obyektimizin yerləşmə planı tərtib olunur. Gəmi və ya qayıq üçün gediləcək qalsların istiqamətləri təyin olunur. Sonar ölçmələrinə başlamazdan əvvəl avadanlığın təhlükəsizliyi baxımından hərəkət məhdudluğu olan ərazilər təhlil edilir. Daha sonra örtmə zonalarına baxılır.

Sonar ölçmələrdə sualtı obyekt müəyyən edildikdə onun ölçüsü proqram əsasında hesablanır və interpretasiya olunur.

Təyin olunmuş sualtı obyektlərin ölçüləri yazılır və həmin obyektlər xəritə üzərində nöqtəvi şəkildə koordinatla qeyd olunur. Bu ölçülər uzunluq, en və hündürlük parametrləridir. Sualtı kommunikasiya akustik təsvirdə alındığı kimi xətt üzrə qeyd olunur. Kəmərlərin alt hissələrində boşluqlar olduğu halda, onların uzunluq və yerdən kəmərə qədər olan hündürlük göstəriciləri xəritədə təqdim olunur. Bərk süxur çıxıntısı proqramda nöqtələr şəklində qeydə alınır, interpretasiyadan sonra konturlar xəritəyə çəkilir.

Coğrafi yerləşmədən (sahilyanı ərazilərə xasdır) və suyun dərinliyindən asılı olaraq layihə ərazisində müxtəlif metodologiyalar tətbiq oluna bilər. Buna müxtəlif metodların inteqrasiyalı tətbiqi deyilir. Adətən sahilyanı ərazilərin dayaz olması səbəbi ilə (çimərliklər) belə zonalarda tamamilə exolotdan istifadə etmək mümkün olmur. Belə hallarda taxeometrik və ya GPS planalma üsullarından da istifadə olunur. Sıx gedişlərə əsasən dayaz ərazilərin batimetrik planı hazırlanır. Sonra digər sahələr exolotla təkşüalı və ya çoxşüalı çəkilişlərə əsasən plana alınır və model qurulur.

Digər su obyektləri üzərində də hidroqrafiya xidmətlərimiz mövcuddur. Belə obyektlərə çay və göllər, su anbarları aid oluna bilər. Burada LIDAR sistemlərinin tətbiqindən də danışmaq olar. Bəzi hallarda müxtəlif aerokosmik materiallardan da istifadə olunur. Adətən bu yanaşmalar deltanın araşdırılmasında, daşqınların təhlilində, meandrlı çayların tədqiq olunmasında, fəlakətlərin verdiyi ziyanların hesablanmasında və digər məsələlərdə geniş tətbiq olunur. Qeyd edilməlidir ki, dənizlərdə aparılan batimetriya işlərində olduğu kimi, çaylarda da bir sıra metodoloji yanaşmalar mövcuddur.

Özüllərin su altında batmış və ya sınmış hissələri xəritə üzərində müəyyən işarələr ilə qeyd edilir. Nəticədə dib relyefi üzrə müvafiq tullantılar olduğu halda obyektlərin inventarizasiya xəritəsi tərtib olunur. Sonda tərəfimizdən Sifarişçiyə hesabat təqdim olunur. Hesabatda həm batimetriya tədqiqatları ilə bağlı, həm də sonar planalma işlərinin nəticələri ilə əlaqədar tətbiq olunmuş metodologiyanın geniş şərhi, istifadə olunan avadanlıqlar, tərtib olunmuş xəritə və modellər, mozayka olunmuş təsvirlər və digər məlumatlar öz əksini tapır. Eyni zamanda Sifarişçiyə risklərin qiymətləndirilməsi cədvəli, fövqəladə hallar planı və SƏTƏM siyasəti təqdim olunur.

Hidroqrafik xidmətə (hidrometriya) side-scan sonar və batimetriya ölçmələri, xəritə tərtibi, batimetrik modelləşdirmə, məsləhət və həcmi hesablama xidməti daxildir. CASPIAN GEOMATICS müasir texniki baza üzrə aşağıdakı xidmətləri təklif edir:

  • batimetriya tədqiqatları, hidroqrafik xəritə tərtibi (təkşüalı/çoxşüalı, single-beam/multibeam),
  • limnoloji tədqiqatlar (limnologiya)
  • batimetrik və side-scan sonar ölçmələri
  • dib relyefinin öyrənilməsi və modelləşdirmə
  • nəticələrin yüksəklik sistemə gətirilməsi
  • kompleks dəniz geodeziya xidmətləri
  • yüksək ayırdetməli akustik təsvirlərin qurulması
  • gəmilərin təhlükəsiz hərəkətləri üçün təhlükəli zonaların və sualtı obyektlərin aşkarlanması
  • batmış sualtı obyektlərin axtarışı
  • sualtı təhlükəli obyektin identifikasiyası
  • sualtı obyektlərin təsnifatı, inventarizasiya, xəritə tərtibi
  • müqayisəli analiz
  • sahil xətti üzrə tədqiqatlar (dinamik dəyişmə, sahillərin idarə olunması, eroziya, subasma)
  • sedimentlərin təsnifatı (dib çöküntüləri)
  • su obyektləri üzrə (su anbarı, göl, çay, dəniz) dib araşdırma işləri (təmizliyin yoxlanılması və s.)
  • su sərfi, səviyyə və digər ölçmələrin aparılması

Batimetriya tədqiqatları və sonar ölçmələri zamanı aşağıdakı nəticələri əldə edirik:

  • Su obyektlərinin dib relyefinin sıx nöqtələr əsasında müfəssəl modelini qururuq.
  • Dib relyefi modelləri əsasında (batimetrik modellər) profillər qururuq və həcm hesablamaları aparırıq.
  • Sualtı (dəniz, çay, göl, su anbarları və s.) mövcud obyektləri təsnif edirik, inventarizasiyasını aparırıq, inventarizasiya xəritəsini tərtib edirik.
  • Sonar planalma nəticəsində alınan akustik təsvirləri mozayka edirik (vahid şəkilə gətirilmə – qalslar üzrə təsvirlərin örtmə faizi 100 %).
  • Batimetriya tədqiqatları üçün həm təkşüalı (singlebeam), həm də çoxşüalı (multibeam) çəkilişləri yerinə yetiririk.
  • Batimetriya tədqiqatları zamanı alınmış nəticələrin yüksəklik sisteminə gətirilməsini (misal üçün Baltik  yüksəklik sistemini göstərmək olar) və bundan irəli gələn, geodeziya ölçmələrini yerinə yetiririk.
  • Batimetriya xəritələrini tərtib edirik və layihə obyektinin coğrafi informasiya sistemini qururuq.

sonar_side scan sonar

SƏTƏM

Su obyektlərində və quruda işlədiyimiz zaman geodeziyada təhlükəsizlik texnikası qaydalarına ciddi əməl olunur. Məhz, SƏTƏM siyasətimiz sayəsində işlədiyimiz müddətdə heç bir insident yaşanmır. Metodiki olaraq SƏTƏM mütəxəssisləri tərəfindən layihə ərazisi üzrə risklər qiymətləndirilir və bunun nəticəsində də bütün gözlənilən təhlükə ehtimalları minimum səviyyəyə endirilir. Nəticədə işlərin təhlükəsiz qaydada yerinə yetirilməsi təmin olunur. Prosedur olaraq mütəxəssislər əvvəlcə layihə ərazisinə baxış keçirirlər və zəruri sənədləri hazırlayıb Sifarişçiyə təqdim edirlər.

bir sıra görülmüş işləri nəzərdən keçirin

bukleti yükləyin

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

  1. “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində mühəndis axtarışları (geoloji – hidrogeoloji və qrunt laboratoriya tədqiqatları, topoqrafik ölçmələr, kanalların texniki inventarlaşdırılması). Asiya İnkişaf Bankı, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC, SOFRECO (Yanvar 2022/İyun 2022)
  2. Kür çayı üzrə batimetriya tədqiqatlarının aparılması (İyun 2022 / İyul 2022)
  3. Dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)
  4. Deltada və Xəzər dənizi hövzəsində batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)
  5. Xəzər dənizi hövzəsində SONAR və batimetrik tədqiqatların aparılması (2020/aprel)
  6. Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış batimetrik tədqiqatlar (2018/avqust)
  7. Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)
  8. Çimərlik sahələrdə batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)
  9. Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

Həmçinin baxın:

Geomatika xidmətləri
Ətraf mühit xidmətləri
Geologiya və Geofizika xidmətləri
Konsultasiya xidmətləri
İT və sistem inteqrasiyası

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat