CRIPTIC layihəsi üzrə pilot ərazidə ilk sahəvi tədqiqatlara start verildi

Avqust ayının 8-də “CRIPTIC” layihəsi üzrə Neftçala rayonunun Xəzər dənizi sahilindəki  pilot ərazidə ilk sahəvi tədqiqatlara start verilmişdir. CRIPTIC – Cleaning Riverine Plastic from a Transboundary Inflow to the Caspian (Xəzər dənizinə axan transsərhəd çayların plastik tullantılardan təmizlənməsi) Handelens Miljøfund ekoloj fond tərəfindən maliyyələşən Norveç-Azərbaycan birgə elmi – tədqiqat layihəsidir. CRIPTIC layihəsinin reallaşması “CASPIAN GEOMATICS” şirkəti daxil olmaqla yanaşı həm də, BP, ESRI, At-Geotech, Azərkosmos, MONT Group, SPECTRA, Quintessence C&S, Az-Green şirkətləri dəstəkləyir.

Layihənin Norveç tərəfindən əsas tərəfdaşları “Akvaplan-Niva”, Norveç Su Tədqiqatları İnstitutu (Norwegian Institute for Water Research NIVA), “SALT, Terra Nor”, Azərbaycan tərəfindən isə Azərbaycan Coğrafiya Cəmiyyəti, AMEA Coğrafiya İnstitutu, Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi (CASPISNET), Su Mütəxəssisləri Birliyi, Azərsu ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən təmsil olunur.

Layihənin “CRIPTIC” çərçivəsində tərəfdaşı olan CASPISNET təşkilatı dəstəyi ilə baş tutan bu sahəvi tədqiqatda müxtəlif universitetlər (UFAZ, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti), dövlət və özəl  sektor olmaqla, 15-dən artıq təşkilatdan Ekologiya, Hidrologiya, Okeanoqrafiya, İqlimşünaslıq, Geologiya və Geofizika, Coğrafiya, CİS, Məsafədən Zondlama sahəsində təhsil alan və çalışan tələbə və mühəndislər iştirak edib.

“CRIPTIC” heyəti pilot zonada uzunluğu 1200 m, eni 140 m olan zolaqda dron çəkilişlərini yerinə yetirdikdən sonra xüsusi proqram təminatı vasitəsilə yığılan hər bir plastik tullantısının onlayn qeydiyyatına və ərazinin təmizlənməsinə başlayıb. Azərbaycanda ilk dəfə tətbiq olunan bu metod bir çox mütəxəssis və aidiyyatı təşkilatlara müasir dünya təcrübəsindən yararlanaraq plastik tullantılara qarşı mübarızəni ən effektiv şəkildə yerinə yetirməyə kömək edəcək. Toplanmış plastik tullantılar Bakıda yerləşən plastik tullantıların təkrar emalı ilə məşğul olan zavoda təhvil verilmişdir.

“CRIPTIC” layihəsinin Azərbaycan üzrə rəhbəri, AMEA Coğrafiya İnstitutunun Xəzər Dənizinin Səviyyə problemi şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Səfərov Elnur bildirib ki, layihənin əsas məqsədi yaxın il yarım ərzində müasir peyk, dron müşahidələrinin, proqramlaşdırma dillərinin, maşın dili, süni intellektin CİS platformasında kompleks tətbiqi ilə modelləşdirlilməsi və toplanan bu təcrübənin azərbaycanlı mütəxəssislərə öyrədilməsidir. Layihənin üç iş paketindən ibarət olduğunu qeyd edən təşkilatçı bunların əsasən çay sahillərinin təmizlənməsi, çayda plastik çirkləndiricilərinin klassifikasiyası, təmizləmə əməliyyatları üçün kartoqrafiya işlərinin yerinə yetirilməsi və ictimaiyyətin cəlb olunmasından ibarət olduğunu diqqətə çatdırıb. O həmçinin tədbirin uğurlu keçməsində göstərdiyi dəstəyə görə Neftçala Rayon İcra Hakimiyyətinə dərin minnətdarlığını bildirib.

Bundan əlavə, pilot zonada nisbətən iri plastik tullantıların böyük ərazilərdə yerləşməsini müəyyən edən yüksək ayırdetməli peyk təsvirlərin əməkdaşlıq əsasında “Azersky” Məsafədən Zondlama peyki  tərəfindən təmin olunması da nəzərdə tutulub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat