• KARTOQRAFİYA
Baku, Azerbaijan Republic

KARTOQRAFİYA

 

CASPIAN GEOMATICS şirkəti Xəritəçilik elmi ilə dərindən məşğul olur, xəritə və atlasların tərtibi baxımından zəngin təcrübəyə malikdir. Bütün mövzuda və istənilən miqyasda topoqrafik xəritələr tərtib edirik. Tematik xəritələrin tərtibi, o cümlədən ətraf mühitin xəritələşdirilməsi sahəsində bir çox layihələr icra etmişik. Ətraf Mühit xəritələrinin tərtibi sahəsində təcrübəmizə Dinamik Dəyişmə xəritələri, PAH və TPH xəritələri, Ağır və Təhlükəli metallar, Lil qatı, Sedimentlər (dib çöküntüləri), Təsnifat xəritələri, Ekoloji xəritələr, Mühafizə, Daşqın riskləri, Bərpa-Reabilitasiya, Həssas ərazilər və qiymətləndirmə xəritələri, Fəlakətlər və təhlükələr, Heyvanat aləmi, Meşə örtüyü, Atmosfer çirklənməsi, Sanitar analiz, Hidro-bioloji və İxtiyoloji tədqiqat xəritələri, Torpaqdan istifadə xəritələri, İnfrastruktur xəritələri, İqlim və s. xəritələr daxildir. Bundan başqa, fiziki və iqtisadi, geoloji, batimetrik, əhali, avtomobil və dəmir yolları mövzularında xəritələr tərtib etmişik.

Xəritələrin tərtibi zamanı kartoqrafik qaydalara ciddi əməl olunur və dizayn meyarına həssas yanaşırıq. Xəritə dizaynı hər şeydən əvvəl zövq tələb edir. Burada rəngələrlə işləmə bacarığı, rəngləri hiss etmək lazım gəlir. Xəritələrin dizayn edilməsində rənglərin təbiəti və onların harmoniyası önəmlidir. Bundan irəli gələrək, hər bir xəritəyə xüsusi yanaşırıq. Bu yanaşmalarımız həm xəritələrə, həm də atlaslara şamildir. Bu baxımdan, dizayn bölməsinə xüsusi diqqət ayırırıq. Xəritələrin tərtibində müxtəlif metodoloji yanaşmalar olduğu kimi onların dizayn edilməsində də obyekt və hadisələrin təbiətindən asılı olaraq müxtəlif rənglərdən istifadə edilir. Bu əsasən tematik xəritələrin tərtibi istiqamətində daha çox lazım gəlir. Belə xəritələrin tərtibində kompozisiya uyğunluğu mütləq nəzərə alınmalıdır. Burada ahənglik nəzərə çarpmalıdır.

Kartoqrafik məhsulların hazırlanmasında müxtəlif mənbələrdən istifadə oluna bilər. Mənbənin seçilməsi zamanı Sifarişçinin tələbləri nəzərə alınır və bütün tələblərə cavab verilən rəqəmsal xəritələr işlənib hazırlanır. Hazırda kartoqrafik mənbələrə aerokosmik məlumatlar, internet resurslar, DRON çəkilişləri (fotoqrammetrik planaalma, yerüstü geodeziya və topoqrafik ölçmələr (lazer scan, LIDAR), kağız xəritə mənbələri daxildir.

Şirkətimiz sifariş və layihələr çərçivəsində Coğrafi İnformasiya Sistemləri (CİS) üzrə müxtəlif növ rəqəmsal xəritələr hazırlayır. Bu məqsədlə xeyli sayda müqavilələrə imza atan Şirkətimiz həmçinin müxtəlif mövzuda CİS-lərin qurulması ilə məşğuldur (Ətraf Mühit, Tikinti, Hidroqrafiya, Kənd Təsərrüfatı və s.). Kağız xəritələri rastra çevirməklə onları vektorlaşdırıb, bütün yanaşmalar nəzərə alınmaqla az deformasiya olunmuş kağız xəritələri dəqiq georeferensiya edirik, həmçinin deformasiya olunmamış və müxtəlif miqyasda kağız xəritələri transformasiya üsulları gözlənilməklə georeferensiya edirik.

Kağız xəritələrin rəqəmsallaşdırılması həmişə aktualdır. Belə ki, köhnə bələdiyyə sxemləri və xəritələri, kadastr xəritələri, keçmiş illəri əhatə edən topoqrafik xəritələr və s. rastr xarakterli informasiya daşıyıcısı kimi saxlanılır. Müasir dövrümüzdə belə xəritələrə çox rast gəlinir. Ehtiyac olduğu halda bu xəritələrə baxıla bilər və hər hansı ərazi və ya obyekt haqqında məlumat əldə oluna bilər. Bu baxımdan xəritələrin rəqəmsallaşdırılması vacibdir. Bunun nəticəsi olaraq xəritədəki obyektlər rəqəmsallaşır və onların idarə edilməsi mümkün olur. Nəticədə reallıqda mövcud obyekt və hadisələrin geoinformasiya modeli qurula bilər. Belə model obyekt və hadisənin konkret xüsusiyyətlərini özündə əks etdirməklə, mövcud vəziyyətin baxılmasına və proqnozlaşdırma zamanı səmərəli nəticələrin əldə olunmasına imkan verir. Xüsusi təqdimetmə formasına aid olan geoinformasiya modellərinin yaradılmasında maraq kəsb edən məsələ tədqiq edilən obyekt və hadisənin hansı zaman intervalına aid olması deyil, onun xassələrinin, obrazının naturada daha dəqiq təsvirinin təmin edilməsidir. Belə ki, bizi əhatə edən aləm, obyekt və hadisələr mürəkkəb sistemi təşkil edir. Bəzən bu mürəkkəb və unikal sistemdə gedən hər hansı prosesin, həmçinin baş verən hadisənin bütün hissələri ilə öyrənilməsi mümkün olmur. Belə modellər həm mövcud vəziyyəti, həm də proqnozlaşdırma kimi xassələri özündə əks etdirir. Bunun üçün müxtəlif müasir yanaşmalar, metod və alqoritmlər mövcuddur. Geoinformasiya modelləri də müasir yanaşmalara əsaslanırlar və onların xüsusi özəllikləri ondan ibarətdir ki, onlar obyekt və hadisə haqqında geniş məlumat vermək imkanına malikdirlər.

 

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

1.   Şuşa şəhərinin rəqəmsal xəritəsinin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)

2.  “Yuxarı Qarabağ” və “Kəlbəcər-Laçın” iqtisadi rayonlarının Coğrafi İnformasiya Sisteminin qurulması. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)

3.   Şəki şəhərinin tarixi mərkəzi olan və YUNESKO-nun  Ümumdünya İrs Siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinin Coğrafi İnformasiya Sisteminin  qurulması və rəqəmsal xəritələrin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020/ noyabr-dekabr)

4.  Layihə ərazisi üzrə dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)

5.  Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)

6.  Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)

7.  Kontrakt sahələri üzrə Azərbaycanın bir sıra rayonlarının CİS əsasında rəqəmsal xəritələrinin tərtibi (2019/avqust)

8.  Ceyrançöl massivinin 8000 ha sahəsində aparılmış mühəndisi-topoqrafiya ölçmələri (2018-2019)

9.  Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış Batimetrik tədqiqatlar (2018/avqust)

10.  Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)

11.  Çimərlik sahələrdə Batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)

12.  13000 kvm sahəli qeyri-yaşayış sahəsində kompleks layihələndirmənin aparılması məqsədi ilə mühəndisi-geodeziya ölçmələrinin yerinə yetirilməsi (2018/iyun)

13.  Yevlax və Goranboy rayonlarında 3200 ha kənd təsərrüfatı sahələrində topoqrafik ölçmələrin aparılması (2018/avqust)

14.  Saatlı rayonunun 7000 ha ərazisinin topoqrafik ölçmə işləri və ortofotoplanların tərtibi (2018/yanvar-fevral)

15.  Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

 


Həmçinin baxın:

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Hidroqrafiya
Geodeziya və Fotoqrammetriya

Ahmad Rajabli street 1/47, Tech Plaza, 4th floor, Baku, Azerbaijan [email protected] (+994) 12 480 10 70 / (+994) 55 206 09 95
× WhatsApp Chat